Göz yaşı axarı və kisəsinin tıxanıqlığı əməliyyatı
Gözlərin sağlamlığı insanın həyat standartlarının əsas göstəricilərindən biridir. Bu orqandakı bir narahatçılıq insanın nəinki gündəlik həyatını yaşamağa mane olur, eyni zamanda psixoloji halının da pisləşməsinə səbəb olur. Qaşımızın kənar alt tərəfində yerləşən göz yaşı ifrazat vəzisindən ifraz olunan göz yaşı gözü zərərli maddələrin təsirindən qoruyur. Əsas funksiyası gözü nəmləndirmək olan göz yaşı gözün iç tərəfində yerləşən kanallardan buruna doğru irəliləyir. Göz yaşı kisəsinin alt hissəsinin tıxanması nəticəsində bu kanal da tıxanır və gözyaşı kanalının xəstəlikləri ilə qarşılaşırıq. Ən çox bir yaşa qədər uşaqlarda rast gəlinsə də bəzi hallarda böyüklərdə də görülə bilir. Burun əyriliyindən əziyyət çəkən insanlarda daha çox baş verən narahatçılıqdır.
Göz yaşı gözü daima nəmli saxlamaqla bərabər gözün selikli qişasının təmiz qalmasını təmin edir.
Gözyaşı kanalının tıxanıqlığının əlamətləri gözün hədsiz çox sulanması və göz çapaqlarının yaranmasıdır. Burun kökünə barmaq basıldığı zaman gözün daxilinə iltihablı mayenin çıxması, burun kökündəki şişkinlik ən əsas əlamətlərindəndir.
Daktriosistit adı verilən göz yaşı kisəsinin iltihabı göz yaşı kanalının tıxanması və ya çox çalışmasından irəli gəlir.
Gözyaşı kanalı və kisəsinin iltihablanmasının səbəbləri :
Anadangəlmə ( Kongenital )
Anadan gəlmə göz yaşı tıxanıqlığı 6 – cı ayında öz – özlüyündən keçə bilər. Açılmadığı təqdirdə həkim müdaxiləsi ilə bərpa olunur. Belə ki yerli antibiotiklər və massaj təyin olunaraq müalicə edilir. Əgər nəticə əldə olunmazsa zondlama, yuyulma, silikon kanal tətbiqi kimi müdaxilələrə müraciət olunur.
Qazanılmış daktriosistit
Kəskin və xroniki olmaqla iki yerə bölünür: kəskin daktriosistit hər hansı xronik infeksiyadan sonra yarana bilər. Bu zaman göz yaşı kisəsində olan maye iltihablanır və daktriosistit meydana gəlir.
Xroniki daktriosistitdə isə gözdə ağrı və qızarıqlıq müşahidə olunmur. Tez – tez göz yaşarması müşahidə olunur. Konyuktivit halı da müşahidə olunur və axıntı qatı, selikli bir hal alır.
Kəskin daktriosistitdə yerli və sistem təsirli antibiotiklərdən istifadə olunur.
Xroniki daktriosistit isə dərmanla müalicə olunmur, cərrahi yolla müdaxilə olunur.
Göz yaşı kanal tıxanıqlığı necə təyin olunur?
Bunun üçün kanala maye yeridilir, verilən maye boğaza axarsa göz yaşı kanallarının açıq olduğu qənaətinə gəlinir. Boğaza axmadığı təqdirdə kanalın bağlı olduğu müəyyən olunur. Eyni zamanda daktriosistoqrafiya və daktriosintiqrafiya tətbiq edilərək diaqnoz qoyula bilər.
Daktriosistitin müalicəsi zamanı ilk müraciət olunan terapiya massajdır, bir il və 18 aya qədər ayda bir dəfə olmaqla massaj tətbiq olunur. Nəticə hələ də qənaətbəxş deyilsə zondlama, yuyulma kimi üsüllardan istifadə edilir. Heç bir uğurlu nəticə əldə olunmazsa cərrahi əməliyyata müraciət olunur.
Cərrahi əməliyyat 3 müxtəlif formada icra olunur:
1. External daktriosistorinostomiya üsulunda dəridən kəsik aparılaraq həyata keçirilir. Belə ki, burunla göz arasında kəsik icra olunaraq göz yaşı kisəsindən buruna yeni bir yol açılır. Ən böyük çatışmazlığı kosmetik baxımdan əməliyyat çapığının yaranmasıdır.
2. Endoskopik daktriosistorinostomiya metodunda endoskop köməkliyi ilə burun daxilinə girilir və gözyaşı kisəsinə yol açılır.
3. Transkanalikulyar lazer daktriosistorinostomiya üsulu ən geniş tətbiq olunan metoddur. Göz kanalının göz tərəfindəki kanalikulyarın içinə lazer vasitəsilə ilə girilərək tıxanıqlıq aradan qaldırılır. Lazer işə salındıqdan sonra kanal ilə burun arasında yeni bir yol açılır, daha sonra açılmış yola suni boru yerləşdirilir.