Mastoidektomiya
Mastoidektomiya – qulaq arxasında yerləşən mastoid sümüyünün içindəki iltihablı və ya zədələnmiş hava hüceyrələrinin cərrahi yolla təmizlənməsi əməliyyatıdır.
Bu sümük, orta qulaqla əlaqəli olan və infeksiya zamanı zədələnə bilən hava ilə dolu hüceyrələrdən ibarətdir. Əməliyyat xroniki qulaq infeksiyaları, xolesteatoma və ya mastoidit kimi vəziyyətlərdə icra olunur.
Mastoidektomiya nə zaman lazım olur?
- Xroniki orta qulaq iltihabı (müalicəyə tabe olmayan)
- Xolesteatoma (orta qulaqda qeyri-normal dəri yığılması və sümük zədələnməsi)
- Kəskin və ya xroniki mastoidit (qulaq arxası sümük infeksiyası)
- Orta qulaqda olan cərrahi giriş üçün əlavə yol açmaq məqsədilə (məs., koklear implant öncəsi)
Mastoidektomiya necə aparılır?
- Əməliyyat ümumi anesteziya altında aparılır
- Qulaq arxasından kəsik edilir
- Mikroskopla sümük içindəki iltihablı toxuma, infeksiya və ya xolesteatoma çıxarılır
- Əməliyyat zamanı eşitmə strukturları qorunmağa çalışılır
- Əgər zərurət yaranarsa, eşitmə sümüklərinə və ya qulaq pərdəsinə də müdaxilə edilir
Əməliyyatın faydaları:
- Xroniki iltihabın aradan qalxması
- Xolesteatomanın tam təmizlənməsi
- İnfeksiyanın beyin və sinirlərə yayılmasının qarşısı alınır
- Eşitmənin bərpası və ya qorunması mümkün ola bilər
- Uzunmüddətli qulaq axıntısının və ağrının aradan qalxması
Bərpa dövrü:
- Xəstə adətən 1 gün sonra evə buraxılır
- Baş sarğı 1–2 gün saxlanılır, daha sonra çıxarılır
- Qulaqda müvəqqəti eşitmə zəifliyi və dolğunluq hissi ola bilər
- Dikişlər 7–10 günə çıxarılır
- Tam bərpa: təxminən 3–6 həftə
➤ Mastoidektomiya ağrılıdır?
Əməliyyat ağrısızdır (ümumi anesteziya). Sonrasında yüngül ağrı ola bilər, ağrıkəsicilərlə idarə olunur.
➤ Əməliyyatdan sonra eşitməm yaxşılaşacaq?
Əgər eşitmə strukturları qorunarsa, bəzən yaxşılaşma mümkündür. Əməliyyatın əsas məqsədi infeksiyanın yayılmasının qarşısını almaqdır.
➤ Qulağım axmağa davam edəcək?
Əksər hallarda qulaq axıntısı kəsilir, lakin bəzi xəstələrdə sonradan qulaq gigiyenası və nəzarət vacibdir.
➤ Uşaqlarda da bu əməliyyat edilir?
Bəli, xüsusilə xolesteatoma və ya davamlı otit media olan uşaqlarda aparılır.